2024-cü il 26 fevral tarixində, Xocalı soyqırımı qurbanlarının xatirəsi ilk dəfə olaraq artıq işğaldan azad olunmuş Xocalı şəhərində anıldı. Bu tarixi gündə ölkə Prezidenti cənab İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Dövlət başçısı rayon ictimaiyyəti ilə görüşündə vurğuladı ki, bu memorialın layihəsi çoxdan hazır idi və hətta inşası üçün Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Lakin layihənin icrasını hər dəfə təxirə salmaq cənab Prezidentin uzaqgörənliyini göstərirdi. O bilirdi ki, zaman gələcək və Azərbaycan öz doğma torpaqlarına mütləq qayıdacaq.
Cənab Prezident 2003-2020-ci illər ərzində ölkənin bütün potensialını bu məqsədə çatmaq üçün səfərbər etmişdi. Onun rəhbərliyi altında aparılan hər bir strategiya, həyata keçirilən hər bir layihə məhz Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətinə yönəlmişdi. 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi isə bu illərlə aparılan hazırlıq işlərinin möhtəşəm nəticəsi oldu. Azərbaycan ordusu 17 illik strategiyanın verdiyi güc və təcrübə ilə tarixi bir qələbə qazandı.
Azərbaycanın dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı təəssüf ki, uzun illər cavabsız qaldı. Lakin bu səylər nəticəsiz qalmadı. 18 ölkə Xocalı faciəsini soyqırımı kimi tanıdı, hərçənd ki, bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Həmçinin əksər beynəlxalq təşkilatlar da bu faciəyə biganə qaldı. Buna baxmayaraq, Azərbaycan dövləti, ictimai təşkilatlar və xaricdə yaşayan soydaşlarımız Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün böyük səylər göstərdi. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində sərgilər təşkil olunmuş, kitablar və məqalələr nəşr edilmiş, təqdimatlar keçirilmışdir.
O illərdə də, bu gün də ermənilərin xarici ölkələrdə olan riyakar himayədarları bu qanlı faciəni törətmiş cinayətkarların cəzasız qalması üçün əlindən gələni edirlər. Buna görə də Azərbaycan öz tarixində ədaləti özü bərpa etməli oldu. İkinci Qarabağ müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, digər ərazilər isə 2025-ci ilin sentyabr ayında tamamilə düşməndən təmizləndi.
Cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, Xocalısız və Xankəndisiz Azərbaycanın qələbəsi heç zaman tam sayıla bilməzdi. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində dərin yaralar açmışdır və bu şəhər azad olunmadan heç bir rahatlıq və sakitlik mümkün deyildi. Nəhayət, 2023-cü il oktyabrın 15-də Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən mesaj oldu.
Artıq 2026-cı ildə Xocalı sakinləri mərhələli şəkildə öz doğma torpaqlarına qayıdırlar. Onların hər addımı həm böyük bir qələbənin, həm də Xocalı faciəsinin unudulmaz xatirəsinin rəmzidir. Bu qayıdış yalnız fiziki bir dönüş deyil, həm də ruhani bir azadlıqdır – doğma torpağın, evin və ailənin yenidən doğuşudur. Rayonun küçələri, bağları və tarixi abidələri sakinlərin gəlişi ilə yenidən canlanır, Xocalının itirilmiş səsi və həyatı geri dönür.
Xocalının azad olunması yalnız Azərbaycanın tarixi qələbəsi deyil, həm də gələcək nəsillərə verilən bir mesajdır: haqq, ədalət və vətən sevgisi hər zaman qalib gəlir. Bu gün burada, Xocalının ürəyində tikilən memorial və şəhərin yenidən dirçəlməsi, Azərbaycanın qətiyyətinin və xalqın iradəsinin simvoluna çevrilmişdir.
2026-cı ilin bu mərhələsində Xocalı sakinlərinin evlərinə, bağlarına və doğma torpağa dönməsi ilə Azərbaycan tarixində yeni bir dövr başlayır. Bu dövr, həm faciəni unutmadan, həm də gələcəyə ümid və inamla baxan bir xalqın əzmini simvolizə edir. Xocalı artıq yalnız ağrının və qələbənin simvolu deyil, həm də azadlıq və vətən sevgisinin canlı təcəssümüdür.
Bölməyə aid digər xəbərlər















