“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev - Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik! Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.
Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!
Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.
Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır. Mehriban xanım Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir.
1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin oğlu və siyasi davamçısı cənab İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olan Mehriban xanım Əliyeva 2 fevral 2017-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirik.
Mehriban Əliyeva obrazını bənzərsiz və təkrarsız edən bir mühüm məqama da diqqət yetirək. Məlum olduğu kimi, Azərbaycanda qadınlar ictimai həyatda iştirakları ilə seçiliblər. Tariximizdə də bunun layiqli örnəkləri var. Ancaq tam əminliklə söyləmək mümkündür ki, tarixin heç bir dövründə Azərbaycan qadını indiki qədər ictimailəşmiş məzmunda olmayıb. Onu da tam qətiyyətlə demək lazımdır ki, Azərbaycan qadınının cəmiyyət həyatındakı hazırkı fəallıq etalonu məhz Mehriban xanımdır. O, vətənpərvər, maarifpərvər qadınlarımızın müasir həyatını yeni keyfiyyətdə davam etdirən nümunədir.
Mehriban Əliyeva obrazı qadınların cəmiyyət üçün sosial məsuliyyət hissinin təşviqatçısıdır. Onun iş diapazonundakı genişlik zərif cinsin nümayəndələrinin kişilərlə bərabər, çiyin-çiyinə, xalqımız və dövlətimiz naminə yorulmadan çalışması yolundakı mayakdır. Bu mayak bütün sahələr üzrə qadın əməyinin təşviqedici funksiyasını yerinə yetirir, istiqamətləndirici rol oynayır. Elə bu səbəbdəndir ki, ölkəmizdə qadınların təmsil olunduqları strukturların sayı durmadan artır.
Ən əsası isə Mehriban Əliyevanın fəaliyyəti ənənəvi Şərq qadınının tarixdə məlum olan yüksək fəallıq nümunələri ilə tam passivlik tendensiyası arasındakı təzadı aradan qaldırır. Nəzərə alaq ki, tarix boyu haqqında söz açdığımız yüksək fəallıq qadının zəriflik obrazına xələl gətirdiyi kimi, tam passivlik də onu cəmiyyətdən təcrid durumuna salırdı. İndi qətiyyətlə deyə bilərik ki, Mehriban xanımın müəyyənləşdirdiyi meyar qadının əsl qadın və ana obrazını vurğulamaqla, keçmişin qadınlara münasibətdəki mənfi stereotiplərini sıradan çıxarır, həmin neqativlərin təkrarlanmaması üçün güclü mənəvi müqavimət səddi formalaşdırır. Bu, son dərəcə dəyərli və milli olduğu qədər də bəşəri məqamdır. Həmin məqamın incəliklərinə ölkəmizin Birinci vitse-prezidenti “Rossiya 1” telekanalına verdiyi və telekanalın “Vesti nedeli” proqramında yayımlanmış müsahibədə özünəxas üslubda aydınlıq gətirir. Mehriban Əliyeva Birinci vitse-prezidentin qadınların siyasətçi kimi qəbuluna o qədər də adət etməmiş Şərq mentallığına malik kişilərlə qarşılaşmasının labüdlüyünə, buna nə dərəcədə hazır olduğuna dair suala cavabında bildirir: “Əlbəttə, biz müsəlman ölkəsiyik, lakin, eyni zamanda, dünyəvi dövlətik, bizim dünyəvi əsaslarımız var. Biz öz dinimizə, ənənələrimizə dərin hörmət və ehtiram bəsləyirik. Lakin bizdə dövlət və din bir-birindən ayrıdır və düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Mən buna tamamilə hazıram, bunu hər hansı çağırış hesab etmirəm”.
Mehriban Əliyeva gözəl anadır, fədakar həyat yoldaşıdır. Nəzərə alaq ki, siyasətlə, nəhəng ictimai-humanitar fəaliyyətlə ailə məsuliyyətinin sintezini yaratmaq hər qadına müyəssər olan xoşbəxtlik deyil. Mehriban xanım xoşbəxtdir, bu anlamda da etalondur və onun ailə-idarəçilik vəhdəti baxımından nümunə kimi qiymətləndirilə biləcək bir çox keyfiyyətlərindən söz açmaq mümkündür. Həmin keyfiyyətlərin ümumi xarakteristikası onu deməyə əsas verir ki, Mehriban Əliyeva nümunəviliyi dövlət idarəçiliyi və ictimai fəaliyyətlə ailə mühiti arasında son dərəcə incə sərhədləri qorumaq bacarığındadır. Onun özü isə bildirir ki, hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın görünür ki, xanım Əliyeva fərdi vətəndaşdan ictimai xadimə, şəxsiyyətə çevrilmənin düsturlarına dərindən bələddir. Hansı məqamda özünü və ya öz ailəsini yox, ölkəsini təmsil edərək onun tərəqqisini düşünmənin xüsusiyyətlərinə də həmçinin.
Ancaq ayrı-ayrı müsahibələrindən, söylədikləri fikirlərdən o da aydın görünür ki, Mehriban xanımı milyonların nəzərində ucaldan iki vacib xüsusiyyət var. Bunlardan biri sadəlik, digəri səmimilikdir. Ailə mühiti səmimidir. Mehriban xanım o mühiti müsahibələrinin birində son dərəcə sadə tərzdə anladıb: “Mən xörək bişirməyi çox sevirəm. Əgər siz mənim necə dincəldiyimi soruşursunuzsa, bu, mənim gözəl istirahət edə biləcəyim sahədir. Ləziz xörəklər bişirmək bir növ həm də yaradıcı işdir. Mən bunu sevirəm, edirəm və bacarıram. Ola bilər, bu, bir qədər təvazökar səslənmir, amma ümid edirəm ki, hazırladığım yeməkləri dadanlar mənim sözlərimi təsdiqləyərlər. Mən, demək olar ki, bütün milli Azərbaycan xörəklərini bişirə bilirəm, Avropa yeməklərini bişirməyi xoşlayıram. Bu, tamamilə normaldır. Əvvəla, hesab edirəm ki, bunu hər bir qadın bacarmalıdır. Amma əgər bunu sevirsənsə, niyə də yox”.
“Kollektivi olaraq, Vətəni, xalqı və dövləti naminə reallaşdırdığı bütün işləri sevərək həyata keçirməyin sivil örnəyi olan Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycan naminə yorulmaz fəaliyyətində bol-bol uğurlar və sevinclər arzulayırıq.
Bölməyə aid digər xəbərlər