Tərtər rayonunda 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Çünki bundan öncə yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrində yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem köklü şəkildə aradan qaldırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.
Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan və icrası təmin edilən işlərdəndir.
Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olamaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə səfərbər olunub.
Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ölkə başçısının bu qəbildən olan səfərləri xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlər sistemli olaraq bu ərazilərin yenidən bərpası və dirçəldilməsinə yönəldilmiş məqsədyönlü siyasətdir. Bu ərazilərdə ilk növbədə infrastrukturun bərpasına xüsusi diqqət ayrılır. Prezidentin öz çıxışlarında qeyd etdiyi kimi, infrastrukturun bərpası ilə bu ərazilərə həm yerli, həm də xarici sərmayalərin cəlb olunması üçün şərait yaranmış olur. Bu isə öz növbəsində işğal altından azad olunmuş rayonlarımızın iqtisadi inkişafı üçün vacib amillərdəndir.
Bu səbəbdəndir ki, cənab İlham Əliyev vaxt itirmədən ilk olaraq Füzuli-Şuşa yolunun inşası üçün müvafiq tapşırıq vermiş və bu məqsədlə regiona səfər etmişdir. Prezident öz çıxışında bildirmişdir: “Bu yolun inşası bizim üçün əlamətdar hadisədir, çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”. Heç təsadüfi deyil ki İlham Əliyev bu yolu “Qələbə yolu” adlandırır.
Daha sonra dövlət başçısı yanvar ayının 14-də Füzuli Beynəlxalq hava limanının təməl qoyma mərasimində də iştirak etmişdir. Bu hava limanının region üçün əhəmiyyətini vurğulayan İlham Əliyev limanın tikintisinin bu sahədə təcrübəyə malik olan “AzVirt” MMC tərəfindən həyata keçiriləcəyini bildirib.
Fevral ayının 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olan Prezident ümumi uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yol xəttinin təməlini qoyub. Öz çıxışında İlham Əliyev Zəngilan rayonunda inşası nəzərdə tutulan “Ağıllı kənd” layihəsindən bəhs edib.
Fevral ayında baş tutan səfəri zamanı qeyd etdiyi “Ağıllı kənd” layihəsinin təməl qoyma mərasimi üçün İlham Əliyev Zəngilan rayonunda səfərdə olub. “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri olmaqla 5 komponenti əhatə edir.
28 may tarixində İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoymaq məqsədilə Ağdam rayonuna səfər edib. Prezidentin tapşırığına əsasən 44.5 km uzunluqda nəzərdə tutulmuş bu yol 4 hərəkət zolaqlı olmaqla 20-dən artıq yaşayış məntəqəsini birləşdirəcək.
Daha sonra Prezidentə Ağdam şəhərində 125 hektarlıq meşə zolağının salınacağı bildirilib. Bu meşə zolağı böyük park ərazisində salınacaq. İlham Əliyev parkın təməlqoyma mərasimində Azərbaycanın simvollarından sayılan Dağdağan ağacını əkib. Daha sonra Prezident tərəfindən şəhərdə salınacaq ilk yaşayış binasının da təməli qoyulub. Bu yaşayış məntəqəsinin tikintisində ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “Ural mühəndislik” şirkətlərinin cəlb olunduğu bildirilib.
Bu səfərlər regionlarımızın və bütövlükdə Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımlardır.
Bölməyə aid digər xəbərlər