10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)


Bu günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan etdi.
Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 milyon 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Lakin həmin milyonçu qalibin adı açıqlanmır. Elan olunan nəticəyə görə, müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat köçürüb.
ƏMDK investisiya qoyuluşunu təsdiq edəndə nominal qiyməti 1 milyon manat olan səhmlərin 99,89 faizi investorun olacaq.
Ucuzluğu ilə tanınan bu bazarda əsasən kənd təsərrüfatı və sənaye məhsulları, tikinti materialları və gündəlik tələbat malları satılır. Bazarda yüzlərlə ticarət obyekti, habelə çoxsaylı iaşə obyektləri və digər yardımçı xidmət sahələri var. Yəni minlərlə ailə öz dolanışığını buradan təmin edir. Bu isə o deməkdir ki, səhmlərin əldəyişməsi ilə baş verəcək hər hansı bir yenilik obyekt sahiblərinin fəaliyyətinə, minlərlə ailənin dolanışığına ciddi təsir edə bilər.
Belə iddialar var ki, yeni sahibi bazarı sökərək yerində yeni ticarət mərkəzi tikəcək. İddia və ehtimallara görə, həmin naməlum milyonçu bununla ticarət obyektlərinin, satış nöqtələrinin sayını artıracaq, icarə haqlarını isə qaldıracaq.
Bu bazarda artıq belə təcrübə də var. Belə ki, sözügedən bazarın ətrafında son illərdə “Ramal”, “Kainat”, “Lotos” və “Diqlas” kimi böyük ticarət mərkəzləri tikilib, ticarətçilərin bir hissəsi ora köçürülüb, icarə haqları qaldırılıb və s.
“8-ci km bazarı”nın da söküləcəyi, yerində ətrafda olduğu kimi yeni və müasir ticarət mərkəzlərinin inşa olunacağı barədə söhbətlər çoxdan dolaşır. “Vosmoy bazarı”nın şəhərin ən çox əhali yaşayan həmin hissəsində yaratdığı tıxaca, basırığa və antisanitariya vəziyyətinə görə indiki ünvanından köçürüləcəyi də səslənən iddialar arasında idi. Lakin sonradan bazarın yaxınlığında “Lotos”, “Diqlas”, “Kainat”, “Ramal” və s. kimi iri ticarət mərkəzlərinin tikilməsi bu gümanların düz olmadığını göstərdi.
Bir məsələni də qeyd edək ki, bu bazar Bakının ən başıbəlalı ticarət mərkəzlərindən biridir. Onu ələ keçirmək üçün ayrı-ayrı iş adamları, yüksək vəzifəli şəxslər, məmurlar arasında uzun müddət mübarizə gedib. Bu haqda mətbuat da dəfələrlə yazıb. Hətta bazarda baş verən bir neçə müəmmalı yanğın da bu mübarizənin nəticəsi kimi qiymətləndirilib.
Bəs indi necə olacaq? Xalq arasında “Vosmoy bazarı” kimi tanınan bu bazarın - “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin əl dəyişməsi sahibkarlar, icarədarlar, ticarətçilər üçün hansı dəyişiklik vəd edir? Yeni sahibi əhalinin əsasən orta və aşağı təbəqələrinin, aztəminatlıların alış-veriş üçün üz tutduğu bu bazarda hansı yeniliklər edib və ya edəcək?
Virtualaz.org saytının əməkdaşı bu suallara cavab tapmaq üçün “Vosmoy bazarı”nda olub, həmin suallarla bazarda ticarətlə məşğul olan ticarətçilərə, icarədar və sahibkarlara müraciət edib.
İlk sorğu-sualdanca öyrənirik ki, bazar əhli səhmdarın dəyişməsindən xəbərdardır, hər şeyi yerli-yataqlı bilir, bircə bu gəlirli obyektin təzə sahibinin kimliyindən, naməlum milyonçunun adından başqa. Söhbətləşdiyimiz satıcıların demək olar ki, heç biri yeni patronu tanımır, onun kim olduğunu bilmir.
Bazarın səhmləri 15 gündən çoxdur ki, yeni milyonçuya verilib. Bəs bu müddət ərzində bazarın idarə edilməsində, icarə haqları məsələsində hansısa dəyişiklik olubmu, hansısa yeni şərt və qaydalar tətbiq edilibmi?
Bu sualı satıcılara və icarədarlara ünvanlayırıq.
Uşaq paltarlarının satışı ilə məşğul olan Rauf adlı ticarətçi virtualaz.org saytının müxbiri ilə söhbətində deyir ki, dünən axşam bazar rəhbərliyindən nümayəndələr gələrək bir qrup satıcı ilə söhbət ediblər. Onlar satıcılara deyiblər ki, qaydalarda heç bir dəyişiklik olmayıb və olmayacaq da. Bazar rəhbərliyi obyektlərin aylıq icarə haqqının məbləğində, ödəniş qrafikində də heç bir dəyişikliyin olmayacağını söyləyib. Bu da narahat satıcıların, necə deyərlər, ürəyinə su səpib.
Satıcılar sahibkar dəyişsə də müdiriyyətin dəyişmədiyini, bazarı bu vaxta qədər idarə edən şəxslərin, nəzarətçilərin öz yerlərində, işlərinin başında olduğunu dedilər. Bazarda ümumi ab-hava budur ki, kadrlarda və qaydalarda heç bir dəyişiklik olmadığından satıcıların nədənsə şikayəti yoxdur.
Bəs bazarın gələcək taleyi necə ola bilər? O, həqiqətən də sökülə bilərmi? Bu kasıb bazarı da ətrafdakı kimi böyük ticarət mərkəzləri ilə əvəz edərlərmi?
Bu suallarımızı cavablandıran satıcılar deyir ki, belə söhbətlər indi yox, uzun müddət əvvəl olub.
10 ildən artıqdır bazarda tikinti materialları satan Rasim adlı ticarətçi deyir ki, hazırda bu haqda danışan yoxdur: “Əksinə, bu bazarda yeni ticarət obyektləri tikirlər”.
Digər satıcılar da bazarın sökülülb yeni ticarət mərkəzi ilə əvəz olunacağına inanmadıqlarını deyirlər. Onlar hesab edir ki, bu, uzun çəkən işdir: “Köhnəni sökmək, yenisini tikmək bir neçə il vaxt aparacaq. Burada ticarət olmayacaqsa, deməli, qazanc da olmayacaq. Bu illər ərzində hansı iş adamı bu qədər gəlirinin əlindən çıxmasını istəyər, buna razı olar? Ola bilər ki, köhnə ticarət obyektləri hissə-hissə təmir olunsun, bazarın ərazisi abadlaşdırılsın. Amma kütləvi söküntü ağlabatan deyil”.
Bu suallara rəsmi cavab almaq məqsədilə bazar rəhbərliyinin ofisinə yollandıq. Elə bazarın içində yerləşən ofisdə mühafizə polisindən başqa heç kəs yox idi. Onlar bildirdi ki, hazırda bazarda yoxlama aparıldığından müdiriyyətdən heç kim ofisdə yoxdur.
Xatırladaq ki, 8-ci kilometr qəsəbəsindəki bu bazar ikinci dəfədir özəlləşdirilir. 1980-ci ildə yaradılan bazar ilk dəfə 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. Lakin yüzlərlə mülkiyyətçinin itkisinin əvəzi ödənməyib. 2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4” MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi” ASC yaradılıb.
Minlərlə ailənin dolanışıq mənbəyi olan bu bazarda satıcıların şikayəti hələ ki, yoxdur. Yeni milyonçu səhmdarın yeni qərarının nə olacağı elə onun kimliyi kimi qaranlıqdır. Kasıb “Vosmoy bazarı”nda həyat öz axarı ilə davam edir. Hələ ki... Adı sirr kimi saxlanılan milyonçunun verəcəyi yeni qərara qədər...

 
 
 
 
 











Tarix: 10-10-2020, 13:54 Oxunub: 76


Bölməyə aid digər xəbərlər