10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq

Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq


“Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Bu il noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahidi olduq. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, 26 noyabr Bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovuşduğunu bir daha göstərir: “Həmçinin burada Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə bir sıra təkliflər irəli sürüb. Buna uyğun olaraq, Bəyanatda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması məsələsi ölkəmizin mənafeyini əks etdirir. Əminliklə deyə bilərik ki, nəticələr çox müsbətdir və Azərbaycan qarşısına qoyduğu məqsədlərinə çatıb”.
AHİK sədri xatırladıb ki, Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışdı, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı: “Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü təkbaşına yerinə yetirdi. Artıq münaqişənin tarixə qovuşması ilə pararel yeni perspektivlər yaranıb. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi, Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır. Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək yeni reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya prezidenti Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir”.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-ququculuq işləri uğurla və kompleks şəkildə həyata keçirildiyini bildirən Milli Məclisin deputatı əlavə edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Şərqi Zəngəzura və Qarabağa hər səfərində biz buna şahid oluruq: “İşlərin daha da sürətlə getməsinə mane olan məqamlardan biri ərazilərin minalanmasıdır ki, Ermənistan tərəfi hələ də mina xəritələrini tam şəkildə təqdim etməyib. Soçi görüşündə mina xəritələri məsələsinin müzakirə olunması ölkəmizin növbəti uğurudur və bu, onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə də mühüm irəliləyişə nail olunacaq”.
“Biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini görmüşük. Bu qurum ikili standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox maraqlı görünürdü. Bütün faktlar ortada ola-ola həm işğalçıya, həm də işğala məruz qalana eyni münasibət bəslənilirdi və bu qurum heç bir tutarlı iş görə bilmədi. “Dağlıq Qarabağ münaqişəsi” artıq mövcud olmadığı üçün bu qurumun mövcudluğu, məncə, formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır. Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, həmçinin status məsələsinin, ümumiyyətlə, müzakirə mövzusu olmaması Azərbaycanın bilavasitə diplomatik qələbəsidir. Bu qələbənin təmin olunmasında 16 noyabr tarixində sərhəddə erməni təxribatının qarşısının alınması və Ordumuzun öz mövqelərini daha da gücləndirməsi mühüm rol oynadı”, – S.Möhbalıyev fikrini belə tamamlayıb.


“Azərbaycan təmsil olunduğu beynəlxalq və regionla təşkilatların işində fəal iştirak edir, mühüm töhfələrini verir. Dünya dövlətləri də etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər. Bu gün ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artmaqdadır və bu istiqamətdə nəhəng layihələr icra olunur. Azərbaycanın fəal təmsil olunduğu regional subyektlərdən biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). Ölkəmiz təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. 2006 və 2012-ci illərdə İƏT-in Zirvə Toplantıları Bakıda təşkil olunub. Bu tədbirlərdə üzv dövlətlər arasında sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsiplərini, regional münasibətlərin perspektivlərini müəyyən edən mühüm qərarlar qəbul olunub. Həmçinin Azərbaycan üzv dövlətlərlə ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə aktiv əməkdaşlıq edir”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri bildirib ki, noyabrın 28-də Aşqabadda keçirilən İƏT-in XV Zirvə Toplantısı bir sıra məqamları ilə yaddaqalan oldu: “Tədbirdə çıxış edən Prezident İlham Əliyev üzv dövlətlərlə həm çoxtərəfli, həm də ikitərəfli müstəvidə faydalı əməkdaşlıqdan, eləcə də ölkəmizin iqtisadi potensialından bəhs edib. Aydın şəkildə görünür ki, məqsədyönlü, effektli islahatlar nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişafa nail olunub. Bunu nüfuzlu beynəlxalq qurumların reytinqləri də təsdiqləyir. Belə ki, Dünya Bankının ötən il açıqladığı “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yeri tutub, bu da kifayət qədər yüksək göstəricidir. Həmçinin Dünya Bankı Azərbaycanı 10 ən islahatçı ölkə sırasına daxil edib. Bununla yanaşı, Davos İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra sahələr üzrə öncül yerlərdədir. Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pillədə qərarlaşıb. Bütün dünyanı bürüyən və ağır iqtisadi fəsadlar törədən pandemiya şəraitində bu cür dayanıqlı iqtisadiyyata sahib olmaq ölkəmizin iqtisadi qüdrətini göstərir”.
S.Möhbalıyevin sözlərinə görə, pandemiya ilə mübarizə şəraitində Azərbaycanın sərgilədiyi mövqe və qlobal xarakterli təklifləri, bu istiqamətdə neqativ məqamları gündəmə gətirməsi bir daha ölkəmizin etibarlı və məsuliyyətli dövlət olduğunu göstərdi: “Təkcə bunu qeyd etmək kifayət edər ki, ilk gündən Azərbaycan “peyvənd millətçiliyi”nə qəti şəkildə etiraz etdi, bütün ölkələr üçün bərabər imkanların təmin olunmasına çalışdı. Baxmayaraq ki, ölkəmiz peyvəndləməyə başlayan ilk ölkələrdən biri olub və bu proses pulsuz həyata keçirilir”.
“Ermənistanın uzun illər davam edən işğal siyasətinin mənfi nəticələri region dövlətlərinə də təsirsiz ötüşmürdü. Bunu bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar daha aydın göstərir. Bu istiqamətdə Azərbaycanın irəli sürdüyü layihələrin miqyası göstərir ki, region dövlətləri, o cümlədən İƏT-ə üzv dövlətlər də bundan faydalanacaqlar. Həmçinin açılması şübhə doğurmayan Zəngəzur dəhlizi region dövlətləri üçün daha əhəmiyyətli görünür”, – Milli Məclisin deputatı əlavə edib.

AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb



Noyabrın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının (GHİK) sədri İrakli Petriaşvili ilə görüşüb.
Görüşdə Azərbaycanla Gürcüstan arasında mövcud münasibətlərdən, hər iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.
AHİK sədri bildirib ki, Gürcüstan və Azərbaycanın dostluq və yaxın qonşuluq prinsiplərinə əsaslanan münasibətləri bütün sahələrdə möhkəm təməllər üzərində qurulub və daim inkişaf etməkdədir.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri deyib ki, vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları ölkəmizdə yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.
S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.
Səmimi qəbula görə təşəkkür edən GHİK sədri İrakli Petriaşvili  Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında münasibətlərin günü-gündən inkişaf etdiyini, bu mistiqamətdə qarşılıqlı səfərlərin və təcrübə mübadilələrinin əhəmiyyətini bildirib.
Qeyd olunub ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




Tarix: 30-11-2021, 13:59 Oxunub: 199


Bölməyə aid digər xəbərlər